Futbol üzrə İsveç milli komandasının və Fransanın “Reysm” klubunun yarımmüdafiəçisi Yens Kayuste “Napoli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin müddəti açıqlanmır. Amma İtaliya klubunun bu transfer üçün 12 milyon avro ödədiyi bəlli olub.
Yens Kayuste “Reyms”ə ötən ilin yanvar ayında Danimarkanın “Midtyulland” klubundan 10 milyon avro qarşılığında keçmişdi. O, Liqa 1 təmsilçisində 42 oyun keçirib, 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 2020-ci ildən formasını geyindiyi İsveç yığmasında 15 oyun keçirmiş futbolu “Midtyulland”dan başqa “Erqryute”nin də uğurları üçün çalışıb.
Kayusteni satan “Reyms” də Avstriyanın LASK klubunun sol cinah vingeri Keito Nakamuranı transfer edib. Liqa 1 təmsilçisi bu keçidə görə 12 milyon avrosundan keçib. 23 yaşlı yapon futbolçu ilə 5 illik müqavilə imzalanıb.
LASK Nakamuranı 2021-ci ildə “Qamba Osaka”dan cəmi 500 min avroya transfer etmişdi. O, bu komandada 69 oyuna 26 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Nakamura LASK-dan öncə Avropada “Tvente”, “Sent-Trüden” və “Juniors” kimi klublarda icarədə də olub. O, Yaponiya yığmasında da 2 oyuna çıxıb, 1 qol vurub.
“Reyms”in öz hücumçusu Kay Sirheys isə Niderlandın “Fortuna Sittard” klubuna keçib. Fransa klubu 25 yaşlı niderlandlının satışından cəmi 500 min avro qazanıb. “Ayaks”ın yetirməsi olan, “Qroningen”, “Herakles Almelo” kimi klubların da formasını geyinmiş forvard 2020-ci ildən formasını geyindiyi “Reyms”də cəmi 47 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb.
“Reyms” gənc yarımmüdafiəçisi Martin Adelini də “Annesi” klubuna icarəyə verib. 19 yaşlı fransız futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Ötən mövsümün ikinci dövrəsini “Rodez”də icarədə keçirmiş yarımmüdafiəçi “Reyms”in əsas komandasında 17 oyuna 4 qol vurub, 1 assistlə yadda qalıb.


