Slavik Alxasov “Turan Tovuz”da – Rəsmi

Ötən gün “Zirə”dən ayrılan sol cinah müdafiəçisi Slavik Alxasov bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Alxasovla “Zirə” arasında 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə ötən gün qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

Slavik Alxasov ötən ilin yayında “Sabah”dan azad agent kimi ayrılaraq “Zirə” ilə 2 illik müqavilə bağlamışdı. O, bu komandanın heyətində 25 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah” və “Xəzər Lənkəran”da da oynayıb. Slavik Azərbaycanın U-21 yığmasında da forma geyinib.

“Turan Tovuz” bu yay Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Budaq Nəsirov kimi yerli futbolçuları da heyətinə qatmışdı. Xəyal Nəcəfovla (“Neftçi”, icarə) Veysəl Rzayev (“Sabah”) isə icarəyə götürülüb. Tovuz klubu Martin Petkov, Paçu, Otto Con, Brunao və Aleks Serranonu da transfer edib.

Əvəzində Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva bu klubdan ayrılıblar.

Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Miller isə yeni müqaviləyə imza atıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: