Luis Enrike Mbappenin qayıdışı və Neymarın gedişi haqda danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin əsas heyətə qayıtması ilə yanaşı, Neymarın “Əl-Hilal”a keçidi haqda danışıb.

Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, ispan mütəxəssis fransalı ulduz hücumçu Kilian Mbappenin komandanın əsas heyətinə qayıtdığını təsdiqləyib:

“Kilian əla formadadır, istəklə doludur, düzgün köklənməsi var. Mən çox şadam ki, belə dünya səviyyəli futbolçum var”, deyə Enrike bildirib.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək. Daha əvvəl ulduz hücumçunun parislilərlə cari müqaviləsini uzatmaq istəyində olmadığı və müqaviləsi başa çatınca klubdan getmək istəyində olduğu haqda məlumat yayılmışdı. Məhz bu məsələdə nala-mıxa vurduğu üçün Mbappe PSJ rəhbərliyi tərəfindən klubun mövsümöncəsi Asiya turundan xaric edilmiş, komandanın əsas heyəti ilə məşqlərdən kənarlaşdırılmış və cari mövsüm Fransa çempionatının ilk turu çərçivəsində “Loryan”a qarşı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Daha sonra klub rəhbərliyi danışıqlar apararaq razılıq əldə etmiş Mbappeyə əsas heyətə qayıtmağa icazə verilmişdi.

Luis Enrike həmçinin komandanın braziliyalı superulduzu, hücumçu Neymarın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidini şərh edib.

“PSG Talk” portalı bu xüsusda Luis Enrikedən sitat gətirib:

“Düşünürəm ki, Neymarın Səudiyyə Ərəbistanına keçidi hamı üçün yaxşıdır. Mənim Parisə gəlişimdən bəri, göstərdiyi davranışına görə ona təşəkkür etməliyəm. O, dünya səviyyəli oyunçudur, ona ən yaxşısını arzulayıram”.

Xatırladaq ki, Neymar “Əl-Hilal”la 2 illik müqavilə bağlayıb. Braziliyalı superulduz bu müddətdə ərəb klubunda ümumilikdə 300 milyon avroya qədər gəlir əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: