Lionel Messi dünya futbolunun tarixinə düşdü – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası MLS + MX təmsilçilərinin iştirakı ilə baş tutan Şimali Amerika Liqa Kubokunun finalında “Neşvill”lə qarşılaşıb.

Komandalar Neşvildəki “Geodis Park” stadionunda üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə “İnter Mayami”nin futbolçuları daha dəqiq olublar.

Oyunda hesabı 23-cü dəqiqədə məhz Messi açıb. Bununla da o, “İnter Mayami”nin heyətində ardıcıl 7-ci oyunda qol vurub. Komandalar fasiləyə “İnter Mayami”nin üstünlüyü ilə yollanıblar. İkinci hissədə “Neşvill” hesabı bərabərləşdirib, 57-ci dəqiqədə Fabris Piko ev sahibinin cavab qoluna imza atıb. Oyunun əsas vaxtı daha qol gətirməyib. Oyunsonrası penaltilərdə isə qonaqlar 10:9 hesabı ilə qələbəni bayram ediblər. Messi burada da dəqiqlik nümayiş etdirib.

Qələbə sayəsində “İnter Mayami” MLS + MX Liqa Kubokunu qazanıb. Bu, Messinin yeni klubunda ilk qənimətidir.

Dünyanın ən titullu futbolçusu

Beləliklə, argentinalı ulduz peşəkar futbolçu karyerasında 44-cü kuboku qazanaraq futbol tarixinin ən titullu futbolçusuna çevrilib.
Bu günə qədər Messi 43 titul sahibi idi və bu göstəricini karyerasını başa vurmuş məşhur braziliyalı sağ cinah müdafiəçisi Daniel Alveslə bölüşürdü. MLS + MX Liqa Kubokunu qazanmaqla 44-cü qənimətini əldə etmiş Messi dünya futbol tarixnin ən titullu futbolçusu olub.

Final oyunu argentinalı ulduz hücumçu üçün daha bir məqamla əlamətdar olub. Belə ki, Messi turnirin ən sərrast futbolçusu olmağı da bacarıb. Argentinalı ulduz vurduğu 10 qolla, 7 qol vurmuş ən yaxın təqibçisi Bonqokule Xlonqvaneni qabaqlayıb.

Hər oyunda qol

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmiş və komandasının qələbə qolunu vurmuşdu. O, “Atlanta Yunayted”lə növbəti görüşdə (4:0) ilk dublunu rəsmiləşdirmişdi. 1/16 finalda “Orlando” ilə görüş (3:1) də ulduz futbolçu üçün uğurlu alınmış və o, ardıcıl ikinci oyunda dubla imza atmışdı. 1/8 finalın “Dallas”la qarşılaşmasında (4:4, penaltilər 5:4) da eyni uğuru təkrarlayan Messi ardıcıl üç oyunda dubl etmişdi. Onun dubl seriyası “Şarlott” ilə oyunda (1:1, penaltilər 10:9) bitsə də, meydana çıxdığı bu oyunda da qol vurmağı bacarmışdı. Messi final öncəsi “Filadelfiya Yunion”la görüşdə də (4:1) də fərqlənmişdi.

Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 7 oyuna artıq 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: