Rusiyanın “Ximki” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Quliyevlə 3 illik müqavilə imzalanıb. Ayaz “Sabah”da 8 nömrəli formanı geyinəcək.
Rəsmən açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, “Sabah” bu transfer üçün Rusiya klubuna 400 min avro təzminat ödəyib.
Xatrıladaq ki, bir müddət əvvəl Ayazın “Neftçi”yə keçidi gündəmdə idi. O, paytaxt klubu Rusiyada təlim-məşq toplanışında olarkən “ağ-qaralar”ın düşərgəsinə yollanıb, tibbi müayinədən də keçmişdi. Lakin “Ximki” Quliyevin keçidi üçün Azərbaycan klubundan 600 min avro tələb etmişdi. Bu məbləğin yüksək olduğunu düşünən “Neftçi” transferdən imtina etmişdi.
“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib. Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub. İllərdir onun Azərbaycan milli komandasına cəlb olunması yönündə danışıqlar aparılsa da, Ayaz Quliyev heç vaxt yığmamıza dəvət almayıb.
“Sabah” Ayazdan öncə Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqarita, Vensan Till və Maruan Hadudi ilə də güclənmişdi. Kristian da Silva ilə də yeni müqavilə imzalanıb. Abdulaye Ba, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə isə komandanı tərk ediblər. Abdulla Rzayev (“Araz Naxçıvan”), Veysəl Rzayev (“Turan Tovuz”) və Şakir Seyidov (“Kəpəz”) da icarəyə veriliblər.


