Panamadan faciəvi xəbər gəlib, yerli yığmanın oyunçusu Xilberto Ernandes quldurların açdığı atəş nəticəsində həyatını itirib.
Arena.az xəbər verir ki, quldur dəstəsi kütləyə taksidən atəş açıb.
Ağır yaralanmış Ernandes xəstəxanada vəfat edib, daha yeddi nəfər yaralanıb.
Dəhşətli hadisə sentyabrın 3-də yerli vaxtla saat 15:00 radələrində Panamanın Kolon əyalətində baş verib. İki silahlı şəxs taksidən atəş açıb. Ernandes bir neçə yara alıb və xəstəxanaya təxliyə edilsə də, oradaca dünyasını dəyişib. Futbolçudan başqa, digər yaralılar arasında ölüm qeydə alınmayıb.
Cinayətkarlar aradan çıxa biliblər, yalnız taksi sürücüsü dərhal saxlanılıb. Saxlanılan şəxs bildirib ki, silahlılar maşını zorla ələ keçiriblər və onu Kolon əyalətinin bir hissəsi olan Barrio Norte şəhərindəki binaya aparmağa məcbur ediblər.
Bazar ertəsi milli polis “Kolon əyalətində baş vermiş futbolçunun qətlində şübhəli bilinən vətəndaşın həbsini” təsdiqləyib. Cinayətin məqsədi və Ernandesin əvvəlcədən nəzərdə tutulmuş hədəf olub-olmadığı hələlik bəlli deyil.
Ernandes bu yaxınlarda milli komandada debüt etmişdi və Lionel Messi ilə fotoda çəkdirdiyi fotoşəklində gülümsəyirdi…
Xilberto Ernandesin vəfat edərkən 26 yaşı olub. Ernandes mərkəz müdafiəçisi mövqeyində çıxış edib. Cari ilin mart ayında Ernandes ilk dəfə Panama yığmasının heyətində Qvatemala yığmasına qarşı yoldaşılıq oyununda (1:1) debüt edib, ardınca isə Argentina yığması ilə yoldaşlıq oyununda (0:2) çıxış edib. Bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməsə də, əsas diqqət çəkən məqam isə mərhum Ernandesin Lionel Messi ilə yaddaqalan fotoşəklidir.
Klub səviyyəsində Ernandes Panamanın “İndependyente” komandasını təmsil edib. “independyente”də çıxışı ərzində Ernades 35 oyun keçirib, 8 qol vurub. Ümumiyyətlə Ernandes klub karyerası ərzində 107 oyun keçirib, 10 qol vurub.
Artıq klubu və Panama Futbol Federasiyası mərhum futbolçunun ailəsinə dərin hüznlə başsağlığı veriblər.



