Kilian Mbappe PSJ-də qalmaq üçün nəyi qurban verib?

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Paris nəhənginin heyətinə qayıtmaq üçün müqaviləsi üzrə bonuslardan imtina edib.

Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ulduz hücumçu 100 milyon avro məbləğində sadiqlik bonusundan imtina edib. Bu, PSJ-nin prezidenti Nasser Əl-Xelaifini Mbappenin komandaya qayıtmasına icazə verilməli olduğuna inandırmaq üçün kifayət edib.

Vurğulanır ki, bu əməliyyat qeyri-rəsmi xarakter daşıyır və tərəflər arasında bir centlmen sazişi kimi qəbul edilir.

Mbappe daha əvvəl PSJ ilə müqaviləsini yeniləməyəcəyini və yay transfer pəncərəsində klubu tərk etməyə hazır olduğunu bildirmişdi. Bununla əlaqədar fransalı ulduz PSJ-nin mövsümöncəsi təlim-məşq toplanışından kənarlaşdırılmış, komandanın Asiya turunda iştirak etmiş heyətindən xaric edilmişdi. Amma sonradan Mbappe fikrini dəyişərək Fransa nəhəngi ilə danışıqlara başlamış və aradakı buzları əridərək, heyətə dönməyə nail olmuşdu.

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaq.

Yenicə başlamış cari mövsümdə Mbappe PSJ-nin heyətində 3 oyuna çıxıb, 5 qol vurub.

Kilian Mbappe 2017-ci ilin mart ayında dübüt etdiyi Fransa yığmasının heyətində 70 oyun keçirib, 40 qol vurub, 24 məhsuldar ötürmə verib. O, DÇ-2018-in və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: