Fransa yığmasının sabiq hücumçusu, hazırda “xoruzlar”ın U-21 yığmasını çalışdıran Tyerri Anri maraqlı açıqlama verib.
Arena.az “RMC Sport”a istinadən məlumat verir ki, Anri argentinalı ulduz hücumçu Lionel Messinin PSJ-dəki karyerası haqda danışıb və belə bir futbolçunun belə bir klubda oynamasını oyunçu üçün başağrısı adlandırıb:
“Messinin PSJ-dəki iki ilindən məyus oldummu? Xeyr və bunun səbəbini izah edirəm. Artıq dedim ki, belə bir PSJ-də oynamaq başağrısıdır. Mən struktur, təşkilat haqda danışmışdım. Bilirəm, siz yenə güləcəksiniz, amma birdən-birə Messi, Mbappe və Neymarla necə oynamaq olar?
O, Argentina yığmasında oynayanda, orada struktur var. Üç deyil, bir Messi var. Sən onu elə bir çərçivəyə salırsan ki, o, bunun yeganə sahibidir”, deyə Tyerri Anri açıqlayıb.
Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Cari ilin yay transfer pəncərsində argentinalı ulduz parislilərdən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.
PSJ karyerası boyunca Messi parislilərin heyətində 75 oyuna çıxıb, 32 qol vurub, 35 məhsuldar ötürmə verib. Argentinalı ulduz Fransa nəhənginin heyətində 2 dəfə Fransa çempionatının (2021/2022, 2022/2023) və Fransa Super Kubokunun (2022) qalibi olub.
Messi yeni komandası “İnter Mayami”nin heyətində 11 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la 2023 Liqalar Kubokunu qazanıb.
“Tansfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


