Futbol klubları arasında forma üzərindən reklamdan ən çox gəliri İspaniyanın “Real” (Madrid) komandası əldə edir.
Arena.az bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşrinə istinadən məlumat verir.
Nəşr köynəklər üzərində sponsor reklamından ən çox gəlir əldə edən klubların siyahısını təqdim edib. Siyahının tərtibi zamanı həm formaları təmin edən texniki sponsorlardan (“Adidas”, “Nike”, “Puma”), həm də kommersiya tərəfdaşlarından əldə olunan gəlirlər nəzərə alınıb.
Siyahıya mövsümdə 190 milyon avro qazandıran sponsorluq müqavilələri ilə “Real” başçılıq edir.
Vurğulayaq ki, siyahıda cari mövsümə titul sponsoru olmadan başlayan “Çelsi” də yer alıb. Hazırda “zadəganlar” “Infinite Athlete” və “Riyadh Air” ilə bu xüsusda danışıqlar aparırlar. Bağlanacaq müqavilənin 60 milyon avro dəyərində olacağı qiymətləndirilir.
Formaların reklam gəlirlərinə görə futbol klublarının ilk onluğunu diqqətinizə çatdırırıq:
- “Real” – 190 milyon avro (120 milyon avro “Adidas”dan, 70 milyon avro “Fly Emirates”dən);
- “Barselona” – 183 milyon avro (105 milyon avro “Nike”dən, 70 milyon avro “Spotify”dan, 8 milyon avro “Ambilight TV”dən);
- PSJ – 168 milyon avro (80 milyon avro “Nike”dən, 70 milyon avro “Qatar Airways”dən, 18 milyon avro GOAT-dan);
- “Mançester Siti” – 167,5 milyon avro (76 milyon avro “Puma”dan, 79 milyon avro “Etihad Airways”dən, 12,5 milyon avro “Nexen Tire”dan);
- “Mançester Yunayted” – 159 milyon avro (104 milyon avro “Adidas”dan, 55 milyon avro “Team Viewer”dən);
- “Çelsi” – 130 milyon avro* (70 milyon avro “Nike”dən, 60 milyon avro gələcəkdə bağlanılacaq müqavilə əsasında “Infinite Athlete” və ya “Riyadh Air”dən);
*Məbləğ baş sponsorla hələ rəsmən bağlanılmamış, ehtimal edilən müqavilə qiyməti daxil olaraq göstərilib; - “Arsenal” – 128 milyon avro (71 milyon avro “Adidas”dan, 47 milyon avro “Fly Emirates”dən, 10 milyon avro “Visit Ruanda”dan);
- “Bayern” – 110 milyon avro (60 milyon avro “Adidas”dan, 50 milyon avro “Telecom”dan);
- “Yuventus” – 110 milyon avro (55 milyon avro “Adidas”dan, 45 milyon avro “Jeep”dən, 10 milyon avro “CyGames”dən);
- “Liverpul” – 91 milyon avro (35 milyon avro “Nike”dən, 47 milyon avro “Standard Chartered”dən, 9 milyon avro “Expedia”dan).


