Lionel Messi oynamadı, “İnter Mayami”nin uğurlu seriyası qırıldı

Futbol üzrə Argentina yığma komandasının və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədələnib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu üzdən “İnter Mayami”nin MLS çərçivəsində “Atlanta Yunayted”ə qarşı keçirdiyi bugünkü oyunda iştirak etməyib.

Səfərdə baş tutan oyun Messisiz “İnter Mayami” üçün uğursuz alınıb. Argentinalı ulduzun komandası meydanı 2:5 hesablı darmadağınla tərk edib.

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino yüngül zədəsi olan Messini Argentina yığmasından yorğun qayıtdığı üçün qorumaq qərarına gəlib. Argentinalı mütəxəssis ulduz futbolçunun süni ot örtüyündə oynamasını istəməyib. Əzələ zədəsindən əziyyət çəkən Messinin növbəti oyunlarda iştirak etməsi gözlənilir.

Xatırladaq ki, Messinin gəlişindən bəri “İnter Mayami” bir oyunda belə, məğlub olmamışdı. Uğurlu seriyaya “Atlanta Yunayted” son qoyub.

Hazırda “İnter Mayami” müntəzəm çempionatda 27 oyundan sonra 28 xal toplayaraq Şərq Konfransında sonuncudan əvvəlki, 14-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi 8 qələbə, 4 heçə-heçə, 15 məğlubiyyət yaşayıb, topların fərqi isə 32:44-dür.

“İnter Mayami” növbəti oyununu sentyabrın 21-də keçirəcək. Komanda həmin gün MLS çərçivəsində “Toronto”nu qəbul edəcək.

Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib. 36 yaşlı futbolçu ABŞ təmsilçisində indiyə qədər 11 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu bu komanda ilə Liqalar Kubokunu qazanıb.

“Tansfermarkt” internet-portalı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: