Ştefan Kunts Türkiyə millisindən göndərildi

Futbol üzrə Türkiyə milli komandasının Almaniyadan olan baş məşqçisi Ştefan Kunts postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

TFF 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Xatırladaq ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasına rəhbərlik edirdi. O, “ay-ulduzlular”ı cəmi 20 oyuna çıxıb. Qardaş ölkə yığması bu görüşlərdə 12 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Kunts daha öncə Almaniyanın U-21 və əsas yığmalarına, həmçinin aşağı liqalarda çıxış edən bir neçə komandaya da rəhbərlik edib.

Sonda onu da qeyd edək ki, Türkiyə yığmasını bundan sonra italiyalı mütəxəssis Vinçentso Montellanın çalışdırması gözlənilir. O, son olaraq qardaş ölkədə “Adana Dəmirspor” komandasına rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: