Murad Musayev: “Onun bizim oyunlara təyinat almasını istəmirik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Demək olar ki, rəqibdən hər cəhətdə üstün idik. Oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqibin heç bir qol fürsəti olmadı, amma heç nədən iki qol vurdular. Bu da bizim problemimizdir. Bu gün qələbə qazanmalıydıq, amma bunu edə bilmədik. Təhlil edəcəyik”.

“Sabah”ın çalışdırıcısı növbəti dəfə hakimlikdən şikayətlənib və İnqilab Məmmədovun bir daha onların oyunlarına təyinat almasını istəmədiklərini bəyan edib:

“Əlbəttə, hakimlikdən ümumiyyətlə məmnun deyiləm. Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək. Bir xal üçün bunları etmək düzgün deyil. Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb, gedib başqa işlə məşğul olaram. Futboldan zövq almaq lazımdır. Bir il əvvəl eybi şeyləri “Şamaxı” edirdi. Bəlkə də bu cür davranışlar etməsəydilər, Birinci Liqaya düşməzdilər.

Çox qəribə bir hal yaranmışdı. Penalti epizodunda hakim iki metr aralıda baş verəni görmürdü ki, VAR-a gedirdi? İnqilab Məmmədov həmişə bizim oyunlarda hakim olanda özündən nələrsə kəşf edir. Bu hakimin bir daha bizim matçlara təyinat almamasını istərdik”.

Murad Musayev qapıda Yusif İmanova yox, Rüstəm Samiqullinə şans verməsinə də aydınlıq gətirib: “Rəqabəti daha da artırmaq üçün qapıçılarla bağlı belə qərar verdik. Çünki, Yusif rahatlaşmışdı. Ona görə Samiqullinə imkan verdik, oynadı. Lakin məğlubiyyətin günahkarı tək Rüstəm deyil. Digər qapıçı Nicat Mehbalıyev isə əvəzedici komanda ilə məşq edir. Niyə? Bu suala rəhbərlik cavab verməlidir”.

“Gəncədə işləmək çətindir”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının səfərdə qazandığı 1 xalla bağlı bunları söyləyib:

“Üzərimdə hərtərəfli təzyiq var idi. Premyer Liqada qalmaq uğrunda mübariza aparırıq. Evdə son məğlubiyyətdən sonra “istefa” şüarları səslənmişdi. “Sabah” çox sürətli komandadır. Rəqibi təhlil etmişdik. Bir xal bizim üçün çox önəmlidir. Bu heç-heçə bizim üçün dönüş nöqtəsi olacaq. Evdəki məğlubiyyət seriyasını “Qəbələ” ilə matçda dəyişməyə çalışacağıq. Azarkeşlərə təşəkkür edirəm.

Bir yandan sevindirici haldır ki, “Kəpəz” güclü komandalara qarşı yaxşı oyun nümayiş etdirir. Ancaq təəssüf edirəm ki, bizə yaxın olan rəqiblərə Gəncədə məğlub oluruq. Öz səhvlərimizdən olan məğlubiyyətlərdir. Çatışmazlıqları axtarırıq.

6 turdan sonra yeni qurulan komandanın baş məşqçisinin istefası tələb olunursa, mən deməyə söz tapmıram. Hər “istefa” şüarından sonra kimsə istefa verəcəksə, bu, o insanın zəifliyidir. Mən zəif adam deyiləm. İnanıram ki, yaxşı işlər görəcəyik. Təbii ki, Gəncədə işləmək çətindir. Amma hər şeyə rəğmən, “Kəpəz”in baş məşqçisi olmaq çox qürurvericidir. Ağır olduğunu bura gələndə bilirdim. Mən qorxaq adam deyiləm, bacardığımı etməyə çalışacağam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: