Fransa çempionu PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-in 6-cı turu çərçivəsində baş tutan Marsel “Olimpik” ilə matçda zədələnib.
Arena.az xəbər verir ki, fransalı futbolçu meydana start heyətində çıxsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib.
PSJ-nin ispan baş məşqçisi Luis Enrike matçdan sonra komandanın ulduz hücumçusunun zədəsi haqda danışıb. O, Mbappenin səhhətinin qaydasında olduğunu bildirib:
“Bu çox da ciddi problem deyil, amma ağrı vardı və oynamaq çətin idi. Meydanı tərk etmək daha məntiqli idi. Amma ciddi bir şey yoxdur, hər şey qaydasındadır”, deyə Enrike əmin edib.
Xatırladaq ki, Mbappe Marsel “Olimpik”i ilə matçda meydana əsas heyətdə çıxsa da, zədələndiyi üçün oyunun 32-ci dəqiqəsində portuqal hücumçu Qonsalo Ramosla əvəzlənib. PSJ bu oyunda qazandığı 4:0 hesablı qələbə sayəsində xalını 11-ə çatdırıb və turnir cədvəlinin 3-cü pilləsində yer alıb. Parisliləri “Nitsa” (12 xal) və “Brest” (13 xal) qabaqlayır.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. 24 yaşlı hücumçu cari mövsümdə Paris təmsilçisinin heyətində 6 oyun keçirib, 8 qol vurub. Fransalı ulduzun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib. O, “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


