PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın fransalı hücumçusu Kilian Mbappenin növbəti mövsümdə Paris klubunda qalacağını bildirib.
Arena.az məlumat verir ki, bu barədə jurnalist Adrian Qrenye Əl-Xelaifidən sitat gətirib:
“Kilian Mbappe PSJ-nin oyunçusudur. Biz xoşbəxtik ki, o, bizim varımızdır və gələn mövsümdə də varımız olacaq. O, bu klubu sevir və fantastik oyunçudur. O, dünyanın ən yaxşı oyunçusudur. Biz çox xoşbəxtik”, deyə Nasser Əl-Xelaifi bildirib.
Xatırladaq ki, cari ilin yay transfer pəncərəsi zamanı Mbappenin “Real”a keçəcəyi ilə bağlı müxtəlif səpgili gündəlik xəbərlər gündəmi zəbt edirdi. Ulduz hücumçu parislilərlə müqaviləsini 2025-ci ilin yayına qədər yeniləməkdən imtina etmişdi. PSJ ilə Mbappe arasında gərginləşmiş münasibətlər cari mövsümün başlanması ilə yoluna düşmüş, tərəflər ortaq məxrəc tapmışdılar.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Kilian parislilərin heyətində 6 oyuna çıxıb, 8 qol vurub. O, bu komandada bütövlükdə 266 oyun keçirib, 220 qol və 98 məhsuldar ötürmə müəllifi olub.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


