“Milan”ın sabiq futbolçusu Kevin-Prins Boatenq dünya futbolunun canlı əfsanəsi Ronaldinyo ilə bağlı baməzə xatirəsini paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Boatenq “Milan”da birlikdə çıxış etdikləri zaman Ronaldinyonun Kevin-Prinsə həyat yoldaşını aldatmaqda necə kömək etməsi ilə bağlı əhvalatı danışıb:
“Bəzən Ronaldinyo ilə axşam məclislərinə gedirdim. Amma mən həmişə həyat yoldaşıma poker oynamağa getdiyimi deyirdim. Bir gün həyat yoldaşımla evdə qaldım. Səhər saat dörddə telefonuma zəng gəldi. Mən “Ronni” olduğunu gördüm. Həyat yoldaşım soruşdu: “Sənə nə olub? Cavab ver!” Amma onun yəqin ki, məclisdə olub, bəlkə də içkili olduğunu düşündüyümdən bunu etmək istəmirdim. O, israrla zəng vururdu və mən ona cavab verməli oldum. Telefonumun səsini azaltdım. “Haradasan?” – deyə qışqırdı. Arxa fonda yüksək səsli musiqi eşidilirdi. Mən ona cavab verdim: “Yatağımda”. Ronaldinyo mənə dedi: “Bura gəl. Arvadına de ki, həmişə olduğu kimi poker oynamağa gedirsən”. Həyat yoldaşım bu sözləri eşidib başa düşdü ki, mən uzun illər ona pokerlə bağlı yalan danışmışam”, deyə Kevin-Prins “zibilinin üstünün” necə açılmasını təbəssümlə xatırlayıb.


