Lionel Messi: “Onlar “Qızıl top”u qazansalar, təəccüblənmərəm”

Bu yaxınlarda 8-ci “Qızıl top”unu qazanmış, “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi mükafatın gələcəyi haqda danışıb.

Arena.az Fransanın məşhur “L’Equipe” nəşrinə istinadən məlumat verir ki, Messi PSJ və “Mançester Siti”nin mərkəz hücumçuları – fransalı Kilian Mbappe və norveçli Erlinq Halandın gələcəkdə mükafatı qazanma imkanları barədə fikrini bildirib:

“Bu il “Qızıl top”un favoritləri arasında Erling Haland və Kilian Mbappe də vardı. Onların mövsümünü necə qiymətləndirirəm? Etiraf edim ki, Haland əla mövsüm keçirdi. O, çoxlu qol vurdu, Çempionlar Liqasının qalibi oldu və “Mançester Siti” ilə “trebl” qazandı. Əminəm ki, o, növbəti illərdə mütəmadi olaraq “Qızıl top” uğrunda mübarizə aparacaq futbolçulardan biri olacaq. Tezliklə qalib gəlsə, təəccüblənmərəm.

Kiliana gəlincə, onunla təxminən eynidir: o, əla mövsüm keçirdi, xüsusən də təsirli Dünya Kuboku, o, öz qolları ilə bizim üçün finalı demək olar ki, korladı. Mənə elə gəlir ki, bir neçə dəfə dediyim kimi, o, hər il “Qızıl top”u qazana biləcək oyunçulardan biridir. Çünki o, şübhəsiz ki, dünyanın ən yaxşı oyunçularından biridir”, deyə Messi bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Lionel Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: