“Real” artıq PSJ-nin ulduzu, fransalı mərkəz hücumçusu Kilian Mbappeni transfer etmək imkanını nəzərdən keçirmir.
Arena.az xəbər verir ki, bu barədə “Cadena SER” dərgisi məlumat yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Mbappeni transfer etmək fikrindən vaz keçib. Madrid klubunun PSJ-nin hücumçusu parislilərlə müqaviləsini yeniləməsə və azad agent qismində transfer bazarına daxil olsa belə, fransalı ulduzla əlaqə saxlamayacağı bildirilir.
“Kral klubu”nu belə bir qərara vadar edən bir neçə ciddi səbəb göstərilir. Birincisi, Mbappenin şəxsi maliyyə tələblərinin çox yüksək olmasıdır. İkincisi, “Real”ın öz transfer siyasətindən yayınmamaq istəyidir – “kral klubu” son illərdə 20 yaşında mütləq yüksək səviyyəli oyunçuları almağa çalışır. Üçüncüsü, Kilianın 2022-ci ildə “Real”a keçməkdən imtina edərək, sonradan parislilərlə müqaviləsini yeniləməsi məqamıdır ki, bu da klub rəhbərliyi tərəfindən “böyüyün üzünə ağ olmaq” kimi qiymətləndirilir.
Elə bu arada, komandanın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti sərgilədiyi mövqe ilə yayılmış müvafiq məlumatın doğruluğuna tam inanmağa əsas verib. Belə ki, o, Mbappenin transferindən imtina etdikləri barədə məlumatlar haqda suala cavab verməkdən imtina edib: “Şərhsiz. Mbappe ilə bağlı suala cavab verməyəcəyəm”.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 14 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


