Kilian Mbappe PSJ-dəki gələcəyi ilə bağlı cavabdan yayındı

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe özünün Fransa klubundakı gələcəyi ilə bağlı suala birmənalı cavabdan yayınıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Sual Mbappeyə Fransa çempionatının 12-ci turu çərçivəsində “Reyms”lə oyundan (3:0) sonra ünvanlanıb. Xatırladaq ki, Mbappe bu oyunda het-trikə imza atmaqla, PSJ-nin 27 xalla liderliyini qorumasını təmin edib. Vurğulayaq ki, Mbappe 13 qolla Liqa 1-in ən sərrast futbolçusudur.

“Mən indi bu barədə danışmaq istəmirəm. İndi uyğun vaxt deyil. İndi mənim üçün ən vacibi – futbol oynamaqdır”, deyə Mbappe bildirib.

Daha əvvəl, “Real”ın yay transfer pəncərəsində yenidən Mbappeni almağa çalışacağı və artıq futbolçu ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı. Daha sonra, “Real” Mbappe ilə danışıqlara başladığı haqda yayılmış xəbərləri təkzib edib. Mətbuat həmçinin “Real”ın Mbappe ilə müqavilə imzalamaq fikrindən nəhayət imtina etdiyini bildirmişdi.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: