Davit Volkov “Sabah”da ilkə imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Turan Tovuz”la səfər oyunu “Sabah”ın hücumçusu Davit Volkov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Gürcüstandan olan legioner futbolçu bu oyunda het-trikə imza atıb.

Bununla da o, komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibinə çevrilib. 28 yaşlı hücumçu həm də “Sabah”ın tarixinə klubun Premyer Liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.

Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.

Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.

“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, Davit Volkov 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinir. O, paytaxt təmsilçisində 54 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Gürcü oyunçu daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) və “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında indiyə qədər 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: