Kilian Mbappe millidəki kapitanlığının özünə təsirindən danışdı

Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe yığma komandanın kapitanı sarğısının ona necə təsir etdiyi haqda danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən Mbappenin bu barədə fikirlərini təqdim edir:

“Kapitan sarğısı səni dəyişməyə məcbur edir. İstəməsən belə. Dəyişməsən, rola uyğun deyilsən. Deyirlər, ancaq axmaqlar dəyişmir. Kapitan olmayanda, təbii ki, oyuna daha fərdi yanaşırdım və statistikaya önəm verirdim.

Kapitan olunca, ilk növbədə yerdə qalanlar haqda düşünməliyəm. Məqsəd komandanı birləşdirməyə çalışmaqdır”, deyə Mbappe bildirib.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 74 oyun keçirib, 46 qol vurub, 29 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: