Venesuela Futbol Federasiyası (FVF) DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru – Venesuela oyununda (1:1) baş vermiş hadisəni şərh edib.
Arena.az xatırladır ki, Peru polisi oyundan sonra tribunalardakı azarkeşlərinə yaxınlaşmaq istəyən Venesuela yığma komandasının futbolçularını dəyənəklə kötəkləyib.
“Venesuela Futbol Federasiyası Limada keçirilmiş oyun zamanı komandamızın və azarkeşlərimizin məruz qaldıqları həm şifahi, həm də fiziki hücumları, eləcə də ayrı-seçkilik və ksenofobiya aktlarını kəskin şəkildə pisləyir.
Federasiyamız Venesuela daxilində və ya xaricdə oyunçulara, komandanın texniki üzvlərinə və ya milli komandanın azarkeşlərinə qarşı hər hansı təhqiramiz rəftara dözməyəcək.
Təəssüflər olsun ki, bu qarşılaşma elan olunandan bəri hər kəsə məlum olan qeyri-idmani fəaliyyətlərə yol verilib. Biz ölkəyə giriş və stadiona giriş üçün miqrasiya şəraitinin yoxlanılması ilə bağlı görünməmiş təhlükəsizlik tədbirləri kimi “anti-futbol” təcrübələrinə məruz qaldıq. Bunlar soydaşlarımızın hüquqlarını pozan hərəkətlərdir.
Həmçinin azarkeşlərimizə köynək vermək üçün yaxınlaşan bir futbolçumuz oyun rəsmisinin təqsiri ucbatından zədələndi. Belə bir hərəkət istənilən futbol oyununda tamamilə normal və adi haldır və futbolçumuzun məruz qaldığı polis davranışına səbəb olmamalıdır.
Meydandankənar fəaliyyətlərə də yol verilib ki, biz də pisləməliyik. Söhbət bir dəstə təxribatçının venesuelalı qadınlara ünvanladığı aşağılayıcı şərhlərdən gedir.
Bu qəbildən davranış futbolda həmişə hökm sürməli olan idman ruhuna və hörmət prinsipinə birbaşa hücumdur. Federasiyamız bununla sona qədər mübarizə aparacaq.
Bununla əlaqədar olaraq, səlahiyyətli orqanlarımız bu hücumların cəzasız qalmaması üçün dərhal tədbirlər görəcək və beləliklə, müvafiq xoşagəlməz vəziyyətin bir daha təkrarlanmamasını təmin edəcək”, – Venesuela Futbol Federasiyasının rəsmi saytında qurumun adından müvafiq bəyanatda deyilir.


