Xavi “Barselona”dan qovulacağı haqda şayiələri cavabladı

“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandadan qovulacağı ilə bağlı son vaxtlar geniş vüsət almış söz-söhbəti cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən Xavinin bu barədə fikirlərini təqdim edir:

“Mən, mövqeyim nə vaxtsa təhlükə altında olmasını hiss etməmişəm. Mən xoşbəxtəm, prezidentin və Dekunun etimadına sahibəm. Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda daha pis oynayır, ona görə də gözlənilən nəticəni göstərmirik. Daha sabiq oynamalıyıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Çox yaxşı işlər görmüşük, indi oyunu yaxşılaşdırmalıyıq. Bu yolla bizə yaxşı nəticələr gələcək”, deyə ispan mütəxəssis bildirib.

15 turdan sonra “Barselona” La Liqanın turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. “Barsa” Çempionalar Liqasının ələmə mərhələsinə də vəsiqəsini təmin edib.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: