PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun, hücumçusu Kilian Mbappe ilə müqaviləsini uzatmaq üçün iki amili qabardır.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Əl-Xelaifi Mbappeni inandırır ki, PSJ-də qalmaqla o, tezliklə Fransa Liqa 1-in ən sərrast futbolçusu kimi tarixə düşə bilər. Həmçinin PSJ-in prezidenti Mbappenin Fransa nəhənginin heyətində aparıcı futbolçu olması ilə yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaq imkanın yüksək olduğunu vurğulayır.
Belə ki, Mbappe PSJ-də qalsa, olimpiya futbol komandasında 23 yaşdan yuxarı çıxış edə biləcək 3 futbolçudan biri olmaq yolunda heç bir maneə ilə üzləşməyəcək.
Xatırladaq ki, hazırda Mbappenin Fransa Liqa 1-də 179 qolu var. Milli çempionatın ən sərrast futbolçuları siyahısında Kilian 5-ci pillədə qərarlaşıb. 1-ci pillədə isə “Monako”nun argentinalı keçmiş hücumçusu Delio Onnis qərarlaşıb – 299 qol.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 18 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. O, bu görüşlərdə 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


