Karlos Keyroş Qətər yığmasından ayrıldı – Rəsmi

Futbol üzrə Qətər millisinin baş məşqçisi Karlos Keyroş bu ilin əvvəlindən çalışdırdığı bu komandadan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Qətər Futbol Federasiyasının rəhbərliyi ilə qarşılıqlı razılığa gələrək müqaviləsinə xitam verib.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. İstefanın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, noyabr ayında Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsi çərçivəsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Sözügedən yığma hazırda 6 xalla A qrupunun turnir cədvəlinə başçılıq edir. Bu üzdən Keyruşun istefası bir qədər gözlənilməz olub.

Karlos Keyroş bu ilin fevral ayında Qətər yığmasının baş məşqçisi təyin olunmuşdu. Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuşdu. Portuqal mütəxəssis sözügedən komandanı bütövlükdə 12 matça çıxarıb. Bu görüşlərdə 5 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb.

Keyroş daha öncə Misir, Kolumbiya, Portuqaliya, CAR və İran yığmalarına da rəhbərlik edib. O, “Sportinq” və “Real” klublarının da baş məşqçisi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: