Lionel Messi Mayamidəki çətinliklərindən söhbət açdı

“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi Mayami həyatına uyğunlaşmaqda çətinliklərdən söhbət açıb.

Arena.az “Time” nəşrinə istinadən, Messinin bu barədə fikirlərini təqdim edir:

“Hələlik biz heç nədən şikayət edə bilmərik. Bəlkə də uyğunlaşmağın ən çətini tıxaclardır. Elə, Parisdə də bunlarla çətin idi.

İstilik və rütubət haqqında demək olar. Burada çimərlikdə və ya məzuniyyətdə olmaq xoş ola bilər. Amma idman, məşq və oyunlar nöqteyi-nəzərindən, xüsusən də yayda, bu, bir az həddən artıqdır və bu, nəzərə çarpır”, deyə Messi bildirib.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Dekabrın 5-də isə “Time” nəşri Lionel Messini ilin idmançısı elan edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: