İspaniyanın məşhur “Marset” Futbol Akademiyasının rəhbərliyi bu gün “Qəbələ” Futbol Akademiyasının qonağı olub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, pireneyli qonaqlar “Qəbələ” Futbol Akademiyası ilə yaxından tanış olub, infrastruktur və iş prinsipləri ilə yaxından maraqlanıblar.
Barselona şəhərində yerləşən akademiyanın nümayəndələri “Qəbələ”nin aşağı yaş qrupu üzrə komandalarının məşqlərini izləyiblər. Onlar futbolçuların qidalanmasına da nəzər yetiriblər.
İki akademiya arasında əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. İndiyədək 15-ə yaxın azərbaycanlı futbolçunu sıralarına cəlb edən İspaniya təmsilçisi bundan sonra da “Qəbələ”nin yetirmələrinə diqqət ayırmaq fikrindədir.
Xatırladaq ki, hazırda “Marset” Futbol Akademiyasında 15-ə yaxın azərbaycanlı uşaq təhsil alır.


