Kristiano Ronaldo və Lionel Messi yenidən üz-üzə

Futbol üzrə Portuqaliya yığmasının və Argentina millisinin liderləri – Kristiano Ronaldo ilə Lionel Messi yenidən üz-üzə gələcəklər.

Arena.az məlumat verir ki, ABŞ klubu “İnter Mayami” yeni mövsümdən öncəki hazırlıq oyunlarını Səudiyyə Ərəbistanında keçirəcəyini açıqlayıb.

MLS təmsilçisi burada iki oyun keçirəcək. Sözügedən komanda yanvarın 29-da “Əl-Hilal”la, fevralın 1-də isə “Əl-Nəsr”lə qarşılaşacaq.

Bununla da “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi ilə “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo yenidən bir-birinə qarşı oynamaq şansı qazanacaqlar. Nəticədə azarkeşlər dünya futbol tarixinin ən möhtəşəm rəqabətinə bir daha şahidlik etmək imkanı əldə edəcəklər.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə o, “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Lionel Messi isə cari ilin yay transfer pəncərəsində azad agent qismində “İnter Mayami”yə keçib. Onun bu klubla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Messi bu komandada 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Leo hazırda kapitanı olduğu Argentina yığmasınında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur.

Oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: