Murad Musayev “Şinnik”i çalışdıra bilər

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın baş məşqçisi Murad Musayev daha bir Rusiya klubundan təklif alıb.

Arena.az xəbər verir ki, bu barədə Rusiyanın “Metaratings” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rusiya Birinci Divizionunda mübarizə aparan “Şinnik” 40 yaşlı mütəxəssislə danışıq aparır. Yaroslavl təmsilçisinin idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl bu məqsədlə Azərbaycana səfər etdiyi də bildirilir. Klubun baş direktoru Qalimcan Xayrulin bu barədə açıqlama verib:

“Bəli, Aleksandr Mixayloviç Azərbaycana uçdu. Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik. Hazırda Yaroslavl vilayətində futbolun inkişafı üçün hər şey edilir”.

Xatırladaq ki, Murad Musayev 2021-ci ildən “Sabah”a rəhbərlik edir. O, bu müddət ərzində “bayquşlar”ı 81 oyuna çıxarıb. Elita təmsilçisi bu görüşlərdə 46 qələbə qazanıb, 15 heç-heçə edib və 20 məğlubiyyətə üzülüb.

Rusiyalı mütəxəssislə daha öncə Rusiyanın “Alaniya” klubunun da danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: