Əliyar Ağayev “Srvena Zvezda” – “Mançester Siti” matçını idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin oyununu idarə edib.

Arena.az xəbər verir ki, o, bu gün keçirilmiş “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi olub.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində üz-üzə gələn bu komandaların oyunu Belqraddakı Rayko Mitiç adına stadionda keçirilib. Beş qolun qeydə alındığı görüş İngiltərə nəhənginin çətin qələbəsiylə yekunlaşıb – 3:2.

Əliyev bu matçda dörd dəfə əlini cibinə salmalı olub. O, meydan sahiblərindən üç, qonaqlardan bir futbolçuya sarı vərəqə göstərib. 85-ci dəqiqədə isə azərbaycanlı hakim meydan sahiblərinin qapısına penalti təyin edib ki, Kalvin Fillips bu şansdan maksimum yararlanıb.

Qeyd edək ki, Əliyar Ağayev bu oyunun baş hakimi olubsa, ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Oyunun VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: