Fransa çempionatının 16-cı turunun “Lill” – PSJ oyunu parislilərin fransalı mərkəz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 1:1 hesabı ilə başa çatmış oyunda 66-cı dəqiqədə penaltidən qol vurmuş Mbappe Fransa Liqa 1-i tarxində 180-ci qoluna imza atmış olub.
Beləliklə, Mbappe Fransa çempionatları tarixinin ən sərrast futbolçularının yer aldığı beşliyə daxil olub. Fransalı ulduz 179 qol vurmuş sabiq argentinalı hücumçu Karlos Byankini geridə qoyub. Mbappenin növbəti hədəfi 187 qol vurmuş, “Lion”un tarixən ən sərrast futbolçusu Flöri Di Nallodur. Liqa 1 tarixinin ən sərrasr futbolçusu isə italyanəsilli argentinalı sabiq hücumçu Delio Onnisdir – 299 qol.
Vurğulayaq ki, Mbappe həmçinin Liqa 1-in cari mövsümünün ən sərrast futbolçusudur – 16 qol. Mbappenin hesabında 2 məhsuldar ötürmə də var və beləliklə, fransalı hücumçu qol və məhsuldar ötürmə cəmi üzrə 18 xalla milli çempionatın ən səmərəli futbolçusudur.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


