Səudiyyə Ərəbistanı Liqasının 17-ci turunda “Əl-İttihad”a qarşı oyun “Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Ronaldo bu oyunda komandasının səfərdə 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verib.
Bu bir cüt qol Kristiano Ronaldoya futbolçu karyerasında dublların sayında “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi ilə bərabərləmək imkanı verib. İndi hər iki ulduz futbolçunun hesabında 157 dubl var.
Həmçinin, daha öncə məlumat verdiyimiz kimi, bu dubl Ronaldoya 2023 təqvim ilinin ən sərrast futbolçusu olmaq imkanı verib. “Roni”nin hesabında 53 qol var.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qol və məhsuldar ötürmələr cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 28 xal (19 qol və 9 məhsuldar ötürmə).
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


