İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati 2023-cü ildə dünyanın ən yaxşı qadın futbolçusu adına layiq görülüb.
Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu gün 2023-cü ildə qadınlar arasında dünyanın ən yaxşı futbolçusunu elan edib.
2023-cü ildə qadınlar arasında “Dünyanın ən yaxşı oyunçusu” (Women’s World Best Player) mükafatına məhz İspaniya yığmasının və “Barselona”nın 25 yaşlı yarımmüdafiəçisi layiq görülüb.
2023-cü ildə Bonmati “Barselona” ilə bütün qənimətləri qazanıb. O, İspaniya La Liqasının, İspaniya Super Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. Aytana İspaniya yığması ilə də FIFA Dünya Kubokunun qızıl mükafatına sahib çıxıb. Bonmati həmçinin UEFA Çempionlar Liqasının və FIFA Dünya Kubokun ən yaxşı oyunçusu olub. Nəticədə o, “Qızıl top”a layiq görülüb. Aytana 2023-cü ildə meydana çıxdığı oyunlarda 25 qol vurub və bütün oyunlarda komandasının oyun qurucusu və vuran ayağı olub.
Səsvermə zamanı 202 xal toplamış Aytanna Bonmati bütün rəqiblərini nəhəng fərqlə üstələyib. 2-ci yerin sahibi, Aytananın “Barselona”dan həmklubu, İspaniya yığmasının üzvü Salma Paralyuelo 64 xal topayıb. Avstraliya yığmasının üzvü, “Çelsi”nin futbolçusu Samanta Kerr 59 xalla 3-cü, Meksikanın “Paçuka” komandasının və İspaniya yığmasının futbolçusu Cennifer Ermoso isə 45 xalla 4-cü olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Aytana Bonmatini Dünya qadın futbolunun yeni kraliçası kimi təqdim edib.




