Fransanın məşhur idman dərgisi “RMC Sport”un jurnalisti və köşə yazarı Daniel Riolo PSJ-nin fransalı hücumçusu Kilian Mbappe haqda danışıb.
Arena.az məlumat verir ki, Riolo uzun müddət İspaniya nəhəngi “Real”ın maraq dairəsində olan ulduz futbolçunun qətiyyətsizliyinin Fransada ona qarşı mənfi rəy doğurduğunu bildirib:
“Onun qalıb-qalmaması mənim üçün qətiyyən əhəmiyyətli deyil. Gedərsə, yaxşı, onun seçimidir. Qalıb yaxşı oynayarsa, bu da yaxşıdır. Məni daha çox narahat edən Fransada Kiliana münasibətin nə dərəcədə dəyişməsidir. Getdikcə daha çox insan Mbappeyə mənfi münasibət bəsləyir, çünki onlar onun qətiyyətsizliyindən əsəbiləşirlər, bunun ilk əlamətlərini keçən yay gördük”, deyə Riolo Mbappenin ötən ilin yayında necə nala-mıxa vurduğunu və nəticədə “Real”a keçə bilmədiyini xatırladıb.
Xatırladaq ki, Yeni ilin ilk günlərində “Real”ın Kilian Mbappeni transfer etmək üçün yeni strateji plan hazırladığı haqda xəbərlər yayılıb. “Kral Klubu”nun arıtq bu paln üzrə fəaliyyətə başladığı vurğulanır.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


