Ançelotti və Enrike Mbappenin transferi ilə bağlı sualdan yayındılar

“Real”ın baş məşqçisi Karlo Ançelotti və PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin “Real”a transferi haqda sualdan yayınıblar.

Arena.az məlumat verir ki, iki nüfuzlu dərginin mütəxəssislərə ayrılıqda ünvanladığı müvafiq xüsusda sual, dolğun cavabla qarşılanmayıb:

İtalyan mütəxəssis Ançelotti “Madrid Universal”ın bu sualına ümumiyyətlə cavab vermək istəməyib:

“Mbappe bu il Madriddə peyda ola bilərmi? Mən bu mövzuya toxunmayacağam”, deyə Ançelotti söhbəti bağlayıb.

İspan mütəxəssis Luis Enrike isə bu işdə səlahiyyət sahibi olmadığını başa düşməyə əsas verib:

“Bu, məndən asılı olan sual deyil. Mən bu mövzuda danışmalı olan adam deyiləm. Mbappenin gələcəyi ilə bağlı qeyri-müəyyənliklə necə məşğul olacağam? Necə ki, indiyə qədər bununla məşğul olmuşam, eləcə”, – “RMC Sport” Luis Enrikedən sitat gətirir.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü il yanvarın 1-də PSJ ilə müqaviləsinin son altı ayına daxil olub. Beləliklə, indi ulduz futbolçunun yayda PSJ-ni azad agent qismində tərk etmək ixtiyarı var. Həmçinin Mbappe öz gələcək karyerası ilə bağlı istənilən klubla sərbəst danışıq aparmaq hüququna malikdir.

Mətbuatda yayılmış xəbərlərə görə, fransalı ulduzun transferi məsələsində “Real” ön sıradadır. İngiltərə nəhəngi “Liverpul” da Mbappeyə iddia edir.

Xatırladaq ki, Yeni ilin ilk günlərində “Real”ın Kilian Mbappeni transfer etmək üçün yeni strateji plan hazırladığı haqda xəbərlər yayılıb. “Kral Klubu”nun arıtq bu paln üzrə fəaliyyətə başladığı vurğulanır.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: