Kilian Mbappe gələcəyi haqda sualı cavabladı

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe Fransa nəhənginin heyətində gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az Mbappenin bu xüsusda fikirlərini təqdim edir:

“Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Mən seçim etməmişəm. Klub daxilində heç kəs mənim vəziyyətimdən danışmır. Mən öz qərarımı verməmişəm, amma bizim, prezident Əl-Xelaifi ilə razılaşmamız var. Bu, o deməkdir ki, bütün tərəflər qorunur. Mənim vəziyyətimə deyil, komandaya diqqət yetirin”, deyə Mbappe Fransa Super Kubokunda qələbədən sonra bildirib.

Mətbuatda yayılmış xəbərlərə görə, fransalı ulduzun transferi məsələsində “Real” ön sıradadır. İngiltərə nəhəngi “Liverpul” da Mbappeyə iddia edir.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: