Jurnalist Migel Anxel Diasın “Real” – Kilian Mbappe münasibətlərinə dair əldə edib ictimailəşdirdiyi insayder məlumatı gündəm olub.
Arena.az məlumat verir ki, Dias tərəflər arasında razılaşmanın 2024-cü ilin yanvarında əldə ediləcəyini və ya heç vaxt əldə edilməyəcəyini iddia edir.
Dias əlavə edib ki, bu razılaşma əldə ediləcəyi halda belə, ictimaiyyətə açıqlanmayacaq. Razılaşma əldə edilərsə, bu haqda 2023/2024 mövsümün bitməsindən sonra məlumat veriləcək.
Xatırladaq ki, Yeni ilin ilk günlərində “Real”ın Kilian Mbappeni transfer etmək üçün yeni strateji plan hazırladığı haqda xəbərlər yayılıb. “Kral klubu”nun arıtq bu paln üzrə fəaliyyətə başladığı vurğulanır. Diasın məlumatına görə, strateji planın əsas bəndlərindən biri də bu transferin məhz təfərrüatı ilə bağlı məlumatın ictimaiyyətdən gizlədilməsidir.
Xatırladaq ki, Kilian Mbappe 2024-cü il yanvarın 1-də PSJ ilə müqaviləsinin son altı ayına daxil olub. Beləliklə, indi ulduz futbolçunun yayda PSJ-ni azad agent qismində tərk etmək ixtiyarı var. Həmçinin Mbappe öz gələcək karyerası ilə bağlı istənilən klubla sərbəst danışıq aparmaq hüququna malikdir.
Mətbuatda yayılmış xəbərlərə görə, fransalı ulduzun transferi məsələsində “Real” ön sıradadır. İngiltərə nəhəngi “Liverpul” da Mbappeyə iddia edir.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


