“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəliblər.
Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək. Qəbələnin eyniadlı təmsilçisi öz meydanında “Sumqayıt”la qarşılaşacaq.
Bu komanda Premyer Liqanın 2023/2024 mövsümünün ilk hissəsini kifayət qədər uğursuz keçirib. Belə ki, qəbələlilər keçirdikləri 18 oyunda cəmi 4 qələbə qazanıb, 2 heç-heçə ediblər, 12 oyunda isə məğlubiyyətə üzülüblər. Hesabında 14 xal olan bu kollektiv 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


