“Sportinq Kanzas Siti” MLS-in müntəzəm mövsümü çərçivəsində “İnter Mayami” ilə keçirəcəyi oyunu daha böyük arenaya köçürüb.
Arena.az bu barədə Kanzas Siti klubunun rəsmi saytına istinadən məlumat verir.
Klub bildirir ki, bu addıma səbəb azarkeşlərin “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin simasına inanılmaz marağıdır.
Kanzas Siti təmsilçisinin prezidenti Ceyk Ridin sözlərinə görə, “İnter Mayami” ilə oyun görünməmiş maraq doğurub. Klubun əsas ev stadionu 18 min tamaşaçı tutumuna malikdir. Komanda “vağlar”a qarşı oyunu NFL-in “Kanzas Siti Çifs” komandasının öz oyunlarını keçirdiyi “Arrouhed Stedium”da təşkil etməyi qərara alıb. Bu arenanın tutumu 76 min tamaşaçıdan bir qədər çoxdur.
“Lionel Messinin Orta Qərbdə ilk MLS oyunu olacaq bu oyunda ev sahibliyi etmək fürsəti xüsusilə həyəcanvericidir, çünki bölgəmiz bu yay Amerika Kuboku oyunlarına və 2026-cı ildə FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır”, deyə klub prezidenti Rid vurğulayıb.
Xatırladaq ki, “Sportinq Kanzas Siti” – “İnter Mayami” oyunu aprelin 14-də keçiriləcək. Sözügedən qarşılaşma MLS-in yeni mövsümünün 8-ci turu çərçivəsində baş tutacaq. 2024-cü il mövsümünə fevralın 21-də start veriləcək.


