PSJ-nin prezidenti: “Mbappedən əl çəkin, onu rahat buraxın”

Fransa nəhəngi PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının fransalı hücumçusu Kilian Mbappe ətrafında yaranmış vəziyyəti şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, Əl-Xelaifinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hər kəsdən Kilianı rahat buraxmağı xahiş edirəm. Mən ona arxayınam – o, heç vaxt kluba qarşı heç nə etməyəcək. Mən ona güvənirəm. Onu rahat buraxın, biz bir ailəyik. Futbolçunu qorumaq istəyirəm.

Komandanın bütün oyunçuları vacibdir və indi biz çox həssas dönəmdəyik, ona görə də mətbuatdan xahiş edirəm ki, vəziyyəti bir az boşlasınlar”, deyə PSJ-nin prezidenti bildirib.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Kilain Mbappenin “Real”a mümkün keçidi ilə bağlı söz-söhbət son iki mövsüm ərzində özünün ən yüksək zirvəsinə çatıb. Şayiələr mənzərəsində gerçək təsvir təsəvvürdən uzaq bir hal alıb ki, bu da ulduz futbolçuya mənfi təsir göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaş: