Kristiano Ronaldo FIFA-nın səsverməsində iştirakdan imtina edib

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo FIFA-nın ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ronaldo sorğuda Portuqaliya milli komandasının kapitanı kimi iştirak etməli idi. Lakin onun əvəzinə bunu Pepe edib. “Portu”nun futbolçusu birinci yeri Bernardo Silvaya (“Mançester Siti”), ikinci yeri Erlinq Halanda (“Mançester Siti”), üçüncü yeri Viktor Osimhenə (“Napoli”) verib.

Maraqlıdır ki, Pepe sonda qalib gələn oyunçunu – Argentina millisinin və ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Lionel Messini seçməyib.

Xatırladaq ki, FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri ötən gecə müəyyənləşib. Argentina millli komandasının ulduz hücumçusu Lionel Messi 2023-cü ilin ən yaxşı kişi futbolçusu seçilib. Argentinalı hücumçu 2019 və 2022-ci illərdə də bu fərdi titula yiyələnmişdi. Bu il mükafatı “Mançester Siti”nin və Norveç yığma komandasının Erlinq Halandın qazanması gözlənilirdi. Bu üzdən də Messinin 2023-cü ilin ən yaxşı futbolçusu seçilməsi birmənalı qarşılanmayıb.

Kristiano Ronaldoya gəlincə, o, 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: