Andre Kastro və Migel Fale “Qarabağ”ın rəqibindən ayrıldılar

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” mərkəz yarımmüdafiəçisi Andre Kastro ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bundan sonra ölkəsinin digər təmsilçisi “Moreyrense”də çıxış edəcək. Təcrübəli oyunçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.

Xatırladaq ki, portuqaliyalı yarımmüdafiəçi 2020-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində 112 oyuna çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Andre Kastro karyerası ərzində Türkiyənin “Kasımpaşa” və “Göztəpə” klublarında, eləcə də ölkəsində “Olhanense”, “Sportinq” (Xixon) və “Portu” kimi komandalarda forma geyinib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Braqa” öz yetirməsi olan hücumçu Migel Faleni də “Mafra”ya satıb. 19 yaşlı forvard yeni klubu ilə 2028-ci ilin 30 iyununa kimi anlaşıb. Portuqal futbolçunun gələcək satışından əldə olunacaq gəlirin 50 faizi məhz yetirməsi olduğu kluba çatacaq. O, “Braqa”nın əsas komandasında 13 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Gənc oyunçu bir müddət icarə əsasında “Kastelyon”da da forma geyinib. Hazırda Portuqaliyanın U-20 millisinə dəvət alan Fale, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada, cavab görüşü isə fevralın 22-də Azərbaycanda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: