Braziliyanın “Korintians” klubunun gənc mərkəz yarımmüdafiəçisi Qabriel Moskardo Fransa nəhəngi PSJ-yə transfer olub.
Arena.az bu barədə Liqa 1 klubunun rəsmi saytına istinadən məlumat verir.
18 yaşlı braziliyalı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Amma Moskardo PSJ-yə indi yox, bu ilin yayında qoşulacaq. Həmin vaxta qədər o, icarə əsasında “Korintians”da çıxış edəcək.
PSJ bu transfer üçün Braziliya klubuna 20 milyon avro ödəyib. “Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Qabriel Moskardo “Korintians”ın öz yetirməsidir. O, ötən ilin yayından bu klubun əsas komandasında forma geyinir. Dayaq yarımmüdafiəçisi indiyə qədər “Korintians”ın heyətində 25 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu ötən ildən Braziliyanın U-23 yığmasında da oynamağa başlayıb.



