Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, şahzadə Abdulla Saad Əbdüləziz Əl Səudun maraqlı açıqlaması gündəm olub.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, şahzadə, PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappenin Səudiyyə Ərəbistanı Peşəkar Liqasına mümkün transferindən danışıb:
“Əlbəttə ki, biz onu bəyənirik. Kilian Mbappe yaxşı oyunçudur, güclüdür və ümidvaram ki, onu Səudiyyə Ərəbistanında, çempionatımızın istənilən komandasında görəcəyəm”, deyə şahzadə Abdulla Əl Səud bildirib.
Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılaraq karyerasını İspaniya nəhəngi “Real”da davam etdirə biləcəyi barədə xəbərlər yayılmışdı.
Kilian Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 28 qol vurub, 6 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


