“İnter Mayami” Messinin gəlişi ilə 1 milyard dollar dəyərinə yüksəlib

ABŞ-ın “İnter Mayami” klubunun dəyəri ötən illə müqayisədə 72% artaraq, hazırda 1,03 milyard dollar təşkil edir.

Arena.az bu barədə nüfuzlu “Forbes” nəşrinə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, bu artımın əsas səbəbi klub rəhbərliyinin argentinalı ulduz hücumçu Lionel Messi ilə 2023-cü ilin yayında bağladığı müqavilədir.

Beləliklə, “İnter Mayami” MLS tarixində 1 milyard dollar dəyərində qiymətləndirilən ikinci klubdur. “Vağlar”a qədər yalnız “Los-Anceles” futbol klubu 2023-cü ildə milyard dollarlıq dəyər həddinə çatmışdı. Hazırda “Los-Anceles” 1,2 milyard dollar məbləğində qiymətləndirilir və MLS-in ən dəyərli klubu olaraq qalır.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində Mayami təmsilçisinə keçib. Argentinalı futbolçunun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: