“İnter Mayami”nin ulduzu Lionel Messinin yerli “Honkonq XI” komandası ilə oyunda (4:1) iştirak etməməsi Honkonq hökumətini narazı salıb.
Arena.az məlumat verir Honkonq hökuməti bu barədə rəsmi bəyanat yayıb:
“Hökumət və bütün futbol azarkeşləri Messinin bu oyunda oynamamasından çox məyus oldular. Təşkilatçı bütün futbolsevərlərə izahat verməlidir.
Böyük idman tədbirləri komitəsi vəziyyətə və müqavilənin şərtlərinə uyğun olaraq təşkilatçıya qarşı növbəti tədbirləri görə bilər, o cümlədən Messinin oyunda iştirak etməməsi səbəbindən maliyyə məbləğini azalda bilər” – Honqkonq hökuməti rəsmən bildirib.
Üstəlik, Messinin meydandankənar davranışı isə Honkonq yığmasının təmsilçilərini məyus edib.
“South China Morning Post” dərgisinin məlumatına əsasən, “Leo”nun honqkonqlu futbolçularla meydandan kənarda ünsiyyət və qarşılıqlı münasibət qurmaq istəməməsi Honkonq yığmasının bəzi üzvlərini məyus edib.
Bildirilir ki, argentinalı ulduz imzalı köynəklər təqdim edən komanda yoldaşlarından və sevinclə şəkil çəkdirən klub sahibi Devid Bekhemdən fərqli olaraq, şəkil çəkdirmək istəyini rədd edib və ünsiyyət qurmayıb.
Çində müvafiq davranışın ədabazlıq, yekəxanalıq və hörmətsizlik kimi qəbul edildiyi vurğulanır.
Nəşr əlavə edib ki, müvafiq müqaviləyə əsasən, Messi Honkonq yığmasına qarşı oyunda 45 dəqiqə oynamalı idi.
Səhər saatlarında Honkonq hökumətinə Messinin komandanın kapitanı kimi çıxış edəcəyi barədə məlumat verilib. Amma Honkonq inzibatının rəhbəri Con Linin də iştirak etdiyi görüş zamanı təşkilatçılar Messinin zədələndiyini bildiriblər.
Şəhər hökumətinin nümayəndələri argentinalı ulduzun heç olmasa mükafatlandırma mərasimi zamanı meydana çıxmasını və bir neçə söz deməsini xahiş etsələr də, bu xahiş də baş tutmayıb.
Öz növbəsində “İnter Mayami”nin baş məşqçisi, argentinalı mütəxəssis Xerardo Martino Lionel Messi və Luis Suaresin tibbi səbəblərə görə meydana çıxmadığını bildirib.
Xatırladaq ki, tribunalarda ulduz futbolçuları, ələlxüsus Messini meydanda gözləyən 38 min 323 tamaşaçı olub. Bununla belə, Messi bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Oyuna ən ucuz biletin 115 avro məbləğində olduğu bildirilir. Oyun zamanı azarkeşlər Messini fitə basıblar. Eyni aqibəti klubun sahibi Devid Bekhem yaşayıb. Üstəlik, azarkeşlər ingilis sahibkara orta barmaq göstərib və xərclədikləri pullarını onlara geri qaytarmağı tələb ediblər.


