“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi uşaqlıq komandası olan “Nyuells Old Boyz”la yoldaşlıq oyununda iştirak edib.
Arena.az xəbər verir ki, bu gün – fevralın 16-da baş tutmuş oyunda qalib müəyyənləşməyib – 1:1.
Oyunda hesabı 64-cü dəqiqədə ABŞ klubu açıb. Argentina təmsilçisi buraxılan qolun əvəzini 83-cü dəqiqədə çıxıb. Start heyətdə meydana çıxan və 60-cı dəqiqədə əvəzlənən Messi doğma klubuna qarşı oyunda heç nə ilə yadda qalmayıb.
“Mövsümqabağını bağlamaq üçün çox xüsusi bir oyun!!!”, – Messi özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Qeyd edək ki, “İnter Mayami” hazırda MLS-in yeni mövsümünə hazırlaşdığı üçün müxtəlif klublarla yoxlama oyununda qüvvəsini sınayır. Messinin komandası yeni mövsümdə ilk rəsmi matçına fevralın 22-də çıxacaq. Həmin gün Mayami təmsilçisi “Real Solt Leyk”lə üz-üzə gələcək.
Argentina çempionatında isə yeni mövsüm yanvarda başlayıb. “Nyuells Old Boyz” 5 turdan sonra B qrupunda 12 xalla 2-cidir.
Xatırladaq ki, Messi “Nyuells Old Boyz”un yetirməsidir. Argentinalı ulduz futbolçu karyerasını məhz “Nyuells Old Boyz”da bitirmək istədiyini dəfələrlə bəyan edib. “Leo” 12 yaşında “Barselona” akademiyasına da məhz “Nyuells Old Boyz”dan keçib.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı ulduzun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


