MLS-in 2-ci turunda “Los Anceles Qalaksi” ilə oyun (1:1) “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Arena.az “Sports Center” dərgisinə istinadən məlumat verir ki, Messi bu oyunda qol vuraraq, komandasını məğlubiyyətdən qurtarıb, həm də yeni mövsümdə qol hesabını açıb.
Beləliklə “Leo” artıq ardıcıl 20-ci mövsümdür ki, rəsmi oyunlarda qol vurur.
Xatırladaq ki, argentinalı ulduz hücumçu ilk qolunu 2005-ci il mayın 1-də 17 yaşında vurub. O vaxt “Leo” “Barselona”nın heyətində La Liqada çərçivəsində “Albasete” ilə oyunda (2:0) fərqlənmişdi.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin MLS təmsilçisi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Cari mövsümdə “Leo” “İnter Mayami”nin heyətində 2 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə müəllifi olub. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


