Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valverde fevral ayının nəticələrinə görə İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə La Liqanın mətbuat xidmətinə istinadən məlumat verir.
Mükafat uğrunda mübarizədə ispan mütəxəssis Xavi (“Barselona”) və Kike Sançes Floresi (“Sevilya”) qabaqlayıb.
Fevral ayında Valverdenin “Atletik”i evdə “Malyorka” (4:0) və “Jirona”nı (3:2) məğlub edib, “Almeriya” ilə isə səfərdə heç-heçə edib (0:0). Ötən gün baş tutan “Betis”lə səfər oyunu isə məğlubiyyətlə bitib – 1:3.
Xatırladaq ki, Valverde 2023/2024 mövsümündə ikinci dəfə La Liqada ayın ən yaxşı məşqçisi seçilib. O, 2023-cü ilin dekabr ayında da oxşar mükafata layiq görülmüşdü.
Daha öncə “Jirona”nın baş məşqçisi Miçel Anxel La Liqanın cari mövsümündə üç dəfə ayın ən yaxşı məşqçisi seçilmişdi. O, ötən ilin sentyabr və noyabr, bu ilin yanvar ayında oxşar mükafata layiq görülmüşdü. 2023/2024 mövsümündə Karlo Ançelotti (“Real”) avqust, Dieqo Simeone (“Atletiko”) də oktyabr ayının ən yaxşısı elan edilib.
Hazırda İspaniya La Liqasına 26 turdan sonra 65 xalla “Real” başçılıq edir. “Barselona” 57 xalla 2-ci pillədə qərarlaşıb. “Atletik” isə 49 xalla 5-ci yerdədir.
Ernesto Valverde 2022-ci ilin iyul ayından “Atletik”ə rəhbərlik edir. O, bu müddətdə komandanı 77 oyuna çıxarıb. Bilbao təmsilçisi bu görüşlərdə 39 qələbə qazanıb, 17 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. Təcrübəli ispan məşqçi 2002-2005 və 2013-2017-ci illər aralıqlarında da “Atletik”ə rəhbərlik edib.


