Kilian Mbappe PSJ-ni mətbuata məlumat sızdırmaqda şübhəli bilir

PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe Fransa nəhəngini onun klubdan gedəcəyi ilə bağlı, mətbuata məlumat sızdırmaqda şübhəli bilir.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Vurğulanır ki, Mbappe öz gedişini fərqli şəkildə açıqlamaq istəyib, amma ulduz futbolçuda Paris klubunun verdiyi sözünün üstündə durmadığı hissini yaranıb. Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin vacib oyunları başlayana qədər bu üsulları anlamayıb. Hazırda tərəflər arasında bu məqam səbəbindən gərginliyin artdığı vurğulanır. Mbappe özü haqqında təhrif edilmiş məlumatların məhz PSJ-dən qaynaqlandığını, həmçinin müvafiq xəbərlərin onun simasına xələl gətirdiyini təəssüflə qarşılayır.

Xatırladaq ki, Mbappenin qarşıdakı yay transfer pəncərəsində PSJ-dən ayrılacağı və çox güman ki, karyerasını “Real”da davam etdirəcəyi daha əvvəl məlum olub.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: