PSJ-nin prezidenti Nasser Əl-Xelaifi fransalı hücumçusu Kilian Mbappenin yay transfer pəncərəsində mümkün gedişi ilə bağlı sualı cavablayıb.
Arena.az Əl-Xelaifinin bu barədə fikirlərini təqdim edir:
“Mbappenin gedişini təsdiq edəcəyəmmi? Klub açıqlama verməyibsə, heç nə bildirməyəcəyəm. O, klubdadır, işləyir, bizimlə müqaviləsi var. Amma biz gələcəyə baxaraq nəsə qururuq”, deyə qətərli iş adamı birmənalı cavabdan yayınıb.
Niderland yığmasının sabiq, əfsanəvi hücumçusu Rud Qullit də Mbappenin “Real”a mümkün transferindən danışıb:
“Real” dünyanın ən böyük klubudur. “Qaymaqlılar” səni çağırsalar, demək olar ki, həmişə razılıqla cavab verəcəksən və imtina edə bilməyəcəksən. Başa düşürəm ki, “Real” planetin ən yaxşı oyunçularını transfer etmək niyyətindədir, ona görə də onlar vaxtilə Kristiano Ronaldonu və digər böyük futbolçuları dəvət ediblər”, deyə Qullit bildirib.
İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Ouen Harqrivz də Mbappenin çıxışından danışıb:
“Mbappe sadəcə xüsusidir. Mənə Ronaldonu xatırladır. Onun hərəkəti inanılmaz bir şeydir. Anri ilə müqayisə etmək üçün Kilian, Tyerri ilə eyni işi görməlidir. Mbappenin istedad baxımından demək olar, tayı-bərabəri yoxdur. Düşünürəm ki, Kilian düzgün yoldadır, o, artıq Dünya Kubokunu qazanıb və yaxın illərdə mütləq “Qızıl top”u qazanacaq”, deyə Harqrivz bildirib.
Xatırladaq ki, Kilian Mbappenin bu ilin yayında PSJ-dən azad agent kimi ayrılaraq “Real”a keçməsi gözlənilir. 25 yaşlı hücumçunun hazırda “Real”la müqaviləsinin son təfərrüatını razılaşdırması ilə məşğul olduğu bildirilir. Vurğulanır ki, bu iş bir qədər vaxt alacaq. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Müvafiq sənədlərin isə yaxın həftələrdə imzalanması gözlənilir.


